“Xərçəngin bu növündə tam sağalma olur” –  Tükiyənin məşhur professoru  Lent.az-a DANIŞDI
05 may 2023 20:15 (UTC +04:00)

“Xərçəngin bu növündə tam sağalma olur” – Tükiyənin məşhur professoru Lent.az-a DANIŞDI

Tibb elmləri professoru, onkoloji xəstəliklərin müalicəsində xüsusi ad çıxaran, dünyada bir çox ölkələrə sevərək dəvət edilən Necati Alkışın Azərbaycanda səfərdə olmasını eşidəndə çox sevindik. Çünki o tanınmış bir professor olmaqdan başqa, həm də bir Azərbaycan sevdalısıdır. Bizimlə söhbətində söylədiyi bir kəlmə o qədər təsirli idi ki, kövrəlmədən dinləmək olmazdı. Deyir ki, illər əvvəl Bakıya ilk gəlişində elə ilk işi təyyarədən enən kimi torpağı öpmək olub. Nədən Azərbaycanı bu qədər sevir? Bu məhəbbətin kökündə nə dayanır? Bu və onkoloji xəstəliklər barədə, əsasən də son illərdə sürətlə yayılan süd vəzi xərçəngi ilə bağlı sualların cavabını almaq üçün Lent.az komandası – Səbinə Əvəzqızı, Arzu Qurbanlı və Orxan Kərimov onunla Milli Onkologiya Mərkəzinə görüşə getdi. Tanınmış mütəxəssislə görüşüb müsahibə almaq kimi fürsəti əldən verə bilməzdik. 

Lent.az türk professor Necati Alkışla müsahibəni təqdim edir:

- Necati həkim sizi Bakıda görmək çox xoşdur. Bəs, Bakıya gəliş səbəbiniz nədir? 

- Bakıya gəlməyimin səbəbi Ulu öndər Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı keçirilən beynəlxalq tədbirdə iştirakdır. Azərbaycan və Bakı deyəndə az qalır ki, ürəyim yerindən çıxsın. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Bakıya gələndə təyyarədən düşən kimi torpağı öpdüm. Müstəqil, azad bir Azərbaycanı görmək mənim ən böyük xəyalım idi. Artıq neçənci dəfədir ki, Bakıya gəlirəm. Azərbaycana hər gəlişimdə ölkənin necə gözəlləşdiyini, dəyişdiyini görürəm.

- Sizin Azərbaycana qarşı tamamilə başqa cür sevginizin olduğunu fərq etməmək qeyri-mümkündür. Maraqlıdır, Azərbaycana qarşı bu məhəbbət haradandır, sizi nə bağlayır ölkəmizə? 

- Mənim dədə-babalarım Azərbaycandan Türkiyəyə köçüblər. Düzdür, Azərbaycanın harasından köçdüklərini bilmirəm. Doğulub böyüdüyüm yerdə insanlar bir-biriləri ilə həmişə Azərbaycan ləhçəsi ilə danışıblar (Karsı nəzərdə tutur-red.). İkincisi isə biz həmişə “harda bir türk varsa, bizim qəlbimiz bir çarpar” düşüncəsi ilə yaşamışıq. Bu səbəbdən hər zaman azərbaycanlılar başda olmaqla bütün türklərə sevgimiz var.

- Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üzrə vəziyyət hansı səviyyədədir? Əvvəlki dövrlərə nisbətdə fərq hiss olunurmu?

- 2015-2016-cı illərdə “Türkiyə-Azərbaycan Onkologiya Günləri” keçirilirdi. Həmin dövrlə indiki dövrü müqayisə etsək, əlbəttə ki, çox böyük inkişaf olduğunu görərik. Bu gün Azərbaycanda radioterapiya (şüa terapiya) xeyli inkişaf edib. Hazırda qoyulan tədqiqlərə daha çox üstünlük verilir. Bu gün artıq həm Türkiyədə, həm də Azərbaycanda güclü onkoloqlar yetişməyə başlayır. Bu çox yaxşı bir göstəricidir. Əlbəttə ki, hər şey bir anda olmur. Düşünürəm ki, zamanla bu sahədə daha böyük inkişafın şahidi olacağıq. 

- Bildiyimiz qədərilə sizin yetişdirdiyiniz azərbaycanlı həkimlər var. Onların potensialı sizi qane edirmi?

- Bir sahə üzrə ixtisaslaşmaq böyük vaxt alır. Daim oxumaq və təcrübə qazanmaq lazımdır. Amma bu gün həm texniki baxımdan, həm də maliyyə baxımından böyük inkişaf var. Bütün dünyada olduğu kimi Azərbaycanda da texnologiyanın inkişafı tibbə böyük dəstəkdir. 

- Xərçəngin müalicəsində dünyada iki üsula üstünlük verirlər. Amerikada və daha çox postsovet ölkələrində istifadə edilən üsullar. Bəs, siz daha  çox hansı müalicə üsuluna üstünlük verirsiniz?

- Əslində bu sahə ilə bağlı iki böyük qurum var. Avropa Tibbi Onkologiya Cəmiyyəti və Amerikan Xərçəng Cəmiyyəti var. Müalicə dövründə daha çox bu qurumların tətbiq etdiyi üsullardan istifadə olunur. Amma Türkiyədə müalicə üsullarının fərqli növləri formalaşmağa başlayır. Avropa Tibbi Onkologiya Cəmiyyətinin müalicə üsullarını biz Türkiyədə və ya Azərbaycanda tətbiq edə bilmirik. Çünki bəzən həmin müalicə növünə uyğun dərmanlar tapılmır. 

- Son zamanlar “ağıllı dərman”la bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır. Bəzi insanlar bu “ağıllı dərman”ı bir növ “xilaskar” kimi görürlər. Bəs, xərçəng xəstəliyinin müalicəsində sözügedən dərmanın hansı effektiv rolu var?

- Hədəf müalicənin və immunterapiyaların inkişaf etməsi həmişə addım-addım irəliləyir. Yəni bir sözlə müalicə dövrü birdən-birə başa çatmır. Əlbəttə ki, müalicənin gedişatının yavaş və ya sürətli olması xəstənin orqanizminin xüsusiyyətlərindən asılıdır. Hər onkoloji xəstə eyni cür müalicə olunmur. Həm də  xərçəng xəstəliyinin növündən asılı olaraq müalicə metodu hazırlanır və müalicəyə başlanılır.

- İnsanlar arasında xərçəng xəstəliyi ilə bağlı bir əfsanə dolaşır. Belə ki, deyirlər ki, İsraildə xərçəng xəstəsi yoxdur. Guya, onlar xərçəng xəstəliyinin müalicəsini tapıblar və başqa heç kimə vermirlər. Sizcə, bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

- Məncə, bu doğru bir yanaşma deyil. Çünki bir müddət əvvəl süd vəzi xərçənginin müalicə edilməsi üçün dərman istehsal edildi. Həmin dərman bütün dünyada yayılmağa başladı. Bu səbəbdən əgər, xərçəng xəstəliyinin yeni müalicə növü və ya dərmanı kəşf edilsə, o bütün dünyada tətbiq olunacaq. Bundan əlavə dərman şirkətləri sözügedən dərmanı mümkün olduğu qədər bazara çıxarardılar. Bu səbəbdən əgər, İsraildə bu xəstəliyin müalicəsi üçün dərman kəşf edilibsə, bunu bütün dünyaya satmaq istəyərlər. Bir sözlə bu sadəcə bir əfsanədən ibarətdir.

- Xərçəng xəstəliyinin bir çox növü var. Bəs, ümumilikdə hansı şikayətləri və narahatlıqları olan insanlar öz orqanizmində xərçəng xəstəliyinin olmasından şübhələnməlidir?

- İnsan özünü çox yaxşı tanımalıdır. Məsələn bu xəstəlik əgər beyindədirsə, başgicəllənmə və qusma ilə xəstəlik özünü biruzə verir. Həmin xəstə bunun niyə baş verdiyini mütləq şəkildə bilməlidir. Mütləq şəkildə hər hansı bir narahatlıq olduqda insan həkimə yoxlanmalıdır. Kiçik bir narahatlığı gözardı etmək olmaz. Çünki xərçəngin fərqli növləri olduğuna görə, bu xəstəlik hər insanda özünü başqa cür büruzə verə bilər.

- Bəzi insanlar var ki, düzgün qidalanır, idmanla məşğul olur. Lakin buna rəğmən xərçəng xəstəliyinə tutulur. Buna səbəb nədir?

- Xərçəngin bir səbəbi olmur. Bu xəstəliyin yaranmasının bir çox səbəbi ola bilər. Daha çox ekoloji amillər təsir edə bilər. Yəni qidalanma, havanın çirkliliyi, siqaretin istifadəsi bu xəstəliyin yaranmasına səbəb ola bilər. Hazırda xərçəng xəstəliyinin yaranması daha çox siqaret çəkməkdən qaynaqlanır.

- Bu gün onkologiya sahəsində əsasən hansı problemlərlə rastlaşırsınız?

- Təbii ki, bu daha çox iqtisadi problemlərdir. Həkimlə xəstə arasındakı əlaqə, xəstənin dərmanı tapa bilməməsi kimi problemlər də var. Bu gün Türkiyədə bütün dərmanlar əlçatandır. Sadəcə ölkənin iqtisadi şərtləri yeni çıxan dərmanı əlçatan etmir. Yəni bu gün Türkiyədə insanların Sosial Təminatı Agentliyi əsas müalicəsini qarşılayır. Amma yeni müalicə növlərində hər zaman qarşılaya bilmir. Bu zamanda xəstə özü həmin dərmanı almalıdır. Bildiyimiz kimi, sözügedən dərmanların qiyməti baha olur. Elə məhz bu səbəbdən xəstə hər zaman dərmanı əldə edə bilmir. Onkologiya sahəsində ən çox qarşılaşdığımız problemlər bunlardır.

 

- İnsanlar arasında belə bir fikir gəzir ki, bəzi xüsusi qərəzli güclər həmin dərmanları insanların daha rahat əldə etməsinə mane olurlar. Bəs, siz bu barədə nə düşünürsünüz?

- Mən belə düşünmürəm. Çünki texnologiyanın inkişafı tibbin yolunu açır. Klinik araşdırmalar, dərmanların kəşf edilməsi prosesləri nə qədər çox olsa, xəstələrin dərmana əlçatanlığı bir o qədər asanlaşır.

- Bəs, siz Türkiyədə xərçəng xəstəliyinin müalicəsinin gedişatında ən çox hansı əngəllərlə rastlaşırsınız?

- Əslində bu sahədə Türkiyədə böyük inkişaf var. Amma yenə də cəmiyyətin baxışı, düşüncəsi nə qədər inkişaf etsə, bir o qədər yaxşıdır. Çünki bununla xərçəng xəstəliyi olan insanlarda erkən diaqnoz qoymaq olar. Erkən diaqnozda müalicə daha asan şəkildə olur. 

- Xəstələriniz arasında tamamilə sağalıb uzun müddət yaşayan varmı?

- Əlbəttə ki, var. Süd vəzi xərçəngi xəstəsi olan insanda erkən diaqnozun qoyulması və müalicənin vaxtında edilməsi nəticəsində xəstə tamamilə sağalır. 

Səbinə Əvəzqızı, Arzu Qurbanlı, Fotoların müəllifi -  Orxan Kərimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16119
avatar

Arzu Qurbanlı

Oxşar yazılar