Mayın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may faşizm üzərində Qələbənin 70-ci ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Z. Həsənov qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə, ön və arxa cəbhədə qəhrəmanlıq, böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb.
Nazir veteranlarımızın bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək dəyərləndirib.
O, bildirib ki, bu il yubiley tədbirlərində, Moskva şəhərində keçiriləcək hərbi paradda Silahlı Qüvvələrimizin hərbi qulluqçularından ibarət bölmə də iştirak edərək bayrağımızı uca tutacaqdır: “Eyni zamanda biz bununla bütün dünyaya göstərəcəyik ki, ağır müharibə illərində siz veteranların əldə etdiyi qələbə Azərbaycan üçün nə qədər əziz və vacibdir. Təəssüflər olsun ki, bu bayram ərəfəsində bizim üzüntümüz də vardır. Qədim və əzəli Azərbaycan torpaqları hələ də işğal altındadır. Ancaq siz veteranlar və bütün xalqımız əmin olmalıdır ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuz ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunub. Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığını yüksəltmək məqsədilə hərbi poliqonlarda təlimlər keçirməklə öz peşəkarlıq səviyyəsini artırır. Cəbhədəki son vəziyyət bir daha onu göstərir ki, Silahlı Qüvvələrimiz düşməni nəzarətdə saxlamaqla, ona sarsıdıcı zərbələr endirməklə təşəbbüsə tam yiyələnib. Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur. Xəstəliklərin sayının artması, fərarilik hallarının çoxalması, nizam-intizamsızlıq, özbaşınalıq - budur onların ordusundakı real vəziyyət. Erməni tərəfi məcbur olub səngərlərə mülki əhalini, dinc sakinləri, müxtəlif ölkələrdən muzdluları cəlb edir”.
Nazir çıxışında Silahlı Qüvvələrimiz işğal altında olan torpaqların azad olunmasına hazır olduğunu vurğulayıb: “Bu məsələdə sizin də rolunuz böyükdür və önəmlidir. Yaxşı bilirsiniz ki, hər döyüş texnikasının idarə edilməsində, onun dəqiq və sərrast istifadəsində, qələbənin təmin olunmasında insan faktorunun əhəmiyyəti danılmazdır. Məhz bu səbəbdən indiki gənclərin ruh yüksəkliyinin artırılmasında, qələbə əzminin aşılanmasında, düşməni məhv etməyə, ehtiyac olarsa canından belə keçməyə hazır olmalarında Siz veteranların təcrübəsi, biliyi və bacarığı bizə bir örnəkdir və nümunədir".
Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və digər qonaqlar dəyirmi masa ətrafında tarixi qələbənin 70-ci ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət aparıblar.
Veteranlar adından müdafiə nazirinə "Veteranların qayğıkeşi" diplomu və "Veteran həmrəyliyi" medalı təqdim olunub.
Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında nazirin əmri elan edilib.