Təhsil Nazirliyi xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanda tanınması üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, xarici dövlətlərin ali təhsil müəssisələri bir qayda olaraq həmin dövlətlərin müvafiq səlahiyyətli orqanları tərəfindən tanındığı halda onların verdikləri diplomlar Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla ölkə ərazisində tanınır.
Vətəndaş bunun üçün aşağıda tələb olunan sənədləri Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim etməlidir׃
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin adına ərizə;
- Ali təhsil haqqında sənəd (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş, Azərbaycan dilinə tərcümə edilmiş surəti);
- Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə (əsli və dövlət notariusu tərəfindən təsdiq edilmiş, Azərbaycan dilinə tərcümə edilmiş surəti);
- Şəxsiyyəti müəyyən edən sənəd (xarici pasport və şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surəti);
- Əmək kitabçasının surəti və ya yaşayış yerindən işləməməsi haqqında arayış;
- Rusiya Federasiyasında alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində leqallaşdırılmalıdır (Rusiya Federasiyasının elm və təhsil sahəsinə nəzarət üzrə Federal Xidmət: www.new.glavex.ru);
- “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 2008-ci il 30 dekabr tarixli 757-III QD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar 33-cü maddənin tələbinə əsasən, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün müraciət etmiş vətəndaşdan 15 manat dövlət rüsumu tutulur (dövlət rüsumunu qəbul edən bank “Kapital Bank”, ödəniş alan təşkilatın adı “Dövlət xəzinədarlıq agentliyi”, ödənişin təyinatı “dövlət rüsumu- Təhsil Nazirliyinə xarici diplomların tanınması üçün”).
Bütün lazımi sənədlər təqdim olunduqdan və Təhsil Nazirliyinin müvafiq təşkilatlara ünvanlanan sorğularına cavabların daxil olduğu gündən etibarən məsələyə 1 ay müddətində baxılır.