“Yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdıqdan sonra Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı yenidən müsabiqə elan edilməsi planlaşdırılır”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. E. Baǧırovun sözlərinə görə, Bakıda yerləşən məktəblərdə direktor vəzifəsini tutmaq istəyən şəxslər “Uğur sertifikatı”nı əldə etməlidir.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, “Uğur sertifikatını” əldə etmək üçün isə onlar Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilən müvafiq kursları bitirməlidirlər: “Hazırda Bakı şəhəri üzrə 100 nəfər, Sumqayıt şəhəri üzrə 40 nəfərə qədər müdavim təlimlərə cəlb olunub. Təlimlər artıq bitib. Onlar hazırda təcrübə proqramlarına cəlb edilib. Yekun attestasiya mayın sonu, iyunun əvvəllərində olacaq. Bakı şəhəri üzrə təxminən 70-80 faiz müdavim “Uğur sertifikatı” əldə edə biləcək. Bunun üçün onlar Təhsil Nazirliyinin nəzdində yaradılan komissiyada müsahibədən keçiriləcəklər. Sumqayıt şəhəri, Xızı və Abşeron rayonlarında 40 müdavim təlimlərə cəlb olunub. Gəncə, Samux, Göygöl və Daşkəsən rayonları üzrə təlimlərin I mərhələsi başa çatıb”.