Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın orta məktəblərinin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrini iyun ayında elan edəcək. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, nəticələr elan olunduqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək. O bildirib ki, monitorinq imtahanları zamanı şagirdlərə təqdim olunan kitabçalarda suallar yazılıdır: “İmtahandan sonra həmin yazı işlərini yoxlamaq üçün “marker” adlanan müəllimlər hazırlanıb. Bu proses, kitabçaların yoxlanması isə bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Ona görə də nəticələrin yoxlaması prosesi heç olmasa, bir ay çəkəcək”.
TQDK sədri qeyd edib ki, bütün ölkə üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra həm XI, həm də IX siniflər üzrə nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək.