Türkiyədə “Halk TV” telekanalı ilə bağlı rüşvətxorluq, dövlət satınalmalarına müdaxilə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması ittihamları üzrə istintaq başladılıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu bununla bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən Cəfər Mahiroğlu barəsində “rüşvət alma və vermə”, “tenderlərin nəticələrinə qanunsuz müdaxilə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddələri üzrə aparılan istintaq çərçivəsində Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) təqdim etdiyi məlumatlar, məxfi şahid ifadələri, şübhəlilərin izahatları və digər sənədlər araşdırılıb.
İstintaq materiallarına əsasən, Cəfər Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki əlaqələrindən istifadə edərək “BUSTECH Araç Bakım Onarım Hizmetleri” Səhmdar Cəmiyyətinin yaradılmasını təmin etdiyi, şirkətin idarəçiliyini özünün müəyyənləşdirdiyi şəxslərə həvalə etdiyi və bələdiyyə tenderləri vasitəsilə qanunsuz gəlir əldə olunduğuna dair sübutların toplandığı bildirilir.
Prokurorluğun məlumatına görə, tender prosesləri ilə əlaqədar 14 milyon 464 min türk lirəsi məbləğində rəsmi uçota alınmayan rüşvət ödənişləri həyata keçirilib.

Bundan başqa, sözügedən şirkət vasitəsilə görülən işlərə görə tender məbləğlərini xeyli üstələyən şişirdilmiş ödənişlərin edildiyi, əldə olunan vəsaitlərin isə Mahiroğluna məxsus və ya onunla əlaqəli olduğu ehtimal edilən şirkətlərə köçürüldüyü müəyyənləşdirilib.
MASAK-ın təqdim etdiyi maliyyə məlumatlarının təhlili zamanı Cəfər Mahiroğlunun təsisçi, ortaq və ya rəhbər kimi əlaqəli olduğu şirkətlərin ümumi əməliyyat dövriyyəsinin 30 milyard 352 milyon 37 min 389 lirə olduğu müəyyən edilib.
Şübhəlinin şəxsi bank hesabları üzrə aparılan yoxlamalarda isə 459 əməliyyat vasitəsilə ümumilikdə 1 milyard 62 milyon 260 min 3 lirə vəsaitin hesablara daxil olduğu, 564 əməliyyatla 1 milyard 118 milyon 591 min 33 lirə məbləğində pulun hesablardan çıxarıldığı üzə çıxıb.
Eyni zamanda, Mahiroğlunun rəhbərlik etdiyi şirkətlər vasitəsilə xarici ölkələrə həyata keçirilən pul köçürmələri də araşdırmaya cəlb olunub. Bu əməliyyatlar arasında böyük məbləğli xarici valyuta köçürmələrinin olduğu müəyyənləşdirilib.
Prokurorluq bildirib ki, Cəfər Mahiroğlunun və onun birinci dərəcəli qohumlarının şəxsi bank hesablarında, eləcə də əlaqəli şirkətlərin hesablarında iri məbləğli beynəlxalq SWIFT köçürmələri aşkarlanıb.
Bundan əlavə, şübhəlilərin əldə etdikləri əmlakla rəsmi bəyan etdikləri gəlirlər arasında uyğunsuzluqlar müəyyən edilib.
Araşdırma zamanı o da məlum olub ki, Cəfər Mahiroğlu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan başqa bir istintaq çərçivəsində tenderlərə qanunsuz müdaxilə etməkdə şübhəli bilinərək axtarışa verilib.
Onun 10 mart 2025-ci ildə Türkiyəni tərk etdiyi müəyyənləşdirilib.
İstintaq çərçivəsində toplanan sübutlar əsasında 17 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.
Oktyabrın 14-də səhər saatlarında keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində 11 nəfər saxlanılıb.
Digər şübhəlilərdən dördünün xaricdə olduğu, birinin artıq cəzaçəkmə müəssisəsində saxlanıldığı müəyyən edilib. Daha bir nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bundan başqa, məhkəmənin qərarı ilə Cəfər Mahiroğlunun ortaq, rəhbər və ya əlaqəli olduğu müəyyən edilən şirkətlərə həbs qoyulub.
Həmin şirkətlərə Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) müvəqqəti idarəçi təyin edilib.
İstanbul Baş Prokurorluğu istintaqın bütün istiqamətlər üzrə davam etdirildiyini açıqlayıb.
Qeyd edək ki, açıqlamada göstərilən hallar istintaq orqanının iddiaları və ilkin nəticələridir. Şübhəlilərin təqsiri barədə yekun məhkəmə hökmü çıxarılmayıb.