“Hazırda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Lakin ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər var idi. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub”.
Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində vurğulayıb. Nazir bildirib ki, məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar: “Ürək açan məqam ondan ibarətdir ki, internat məktəblərinin məzunları bununla da bir sıra sosial-məişət qayğılarından azad ediliblər. Hətta, cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurub. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssisədə işlə təmin olunublar. Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir”.
S.Müslümov daha sonra vurğulayıb ki, ölkədə ildən-ilə güclənən sosial siyasətin mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır. Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilmişdir. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib.