Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) Bakının Binəqədi və Yasamal rayonlarında sınaq işlərinə başlanılıb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün elektron formada müraciət etmək imkanı verir.
Nəzərinizə çatdıraq ki, yardımın alınması üçün elektron formada müraciət VEMTAS-da qəbul ediləcək. Vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan tələb olunmayacaq, aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək.
Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışının təmin olunması nəzərdə tutulur. Həmin qurumlardan artıq 12-si tərəfindən müvafiq informasiya sistemləri və servislərin portala inteqrasiyası işləri başa çatdırılıb. Digər qurumlar tərəfindən də bu yöndə işlər artıq son mərhələdədir.
Xidmət rəisi vurğulayıb ki, sınaq işlərinə başlanılması ilə əlaqədar Binəqədi və Yasamal rayon əhalinin sosial müdafiəsi mərkəzlərində həmin rayonların sakinlərinə ünvanlı yardım almaq üçün elektron formada müraciət edilməsində ilkin texniki köməkliyin göstərilməsi üçün yardım masaları da fəaliyyət göstərir.
Qeyd edək ki, hər bir yardım masasında bu elektron xidmətdən yararlanmaq üçün iki kompüter avadanlığı quraşdırılıb. Kompüterlərdən biri sərbəstdir və vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq məqsədilə özlərinin sərbəst şəkildə elektron müraciət etmələri üçündür. Digər kompüter önündə isə mərkəzlərin əməkdaşları əyləşib və vətəndaşlar özləri bacarmadıqları hallarda onların köməyindən istifadə edirlər.
Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov isə nəzərə çatdırıb ki, müvafiq qurumların informasiya resurslarından əldə edilmiş məlumatlar əsasında ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmələr aparıldıqdan sonra ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar avtomatik şəraitdə qəbul olunacaq. Yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin verilməsi də avtomatik şəraitdə həyata keçiriləcək. Qəbul edilmiş qərar, ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Yeni sistem aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımla təminatı sahəsində məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, həmin ailələrin bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan yaradacaq.