Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) Texnoparkının direktor müavini Tolğa Özpolat İqtisad Universitetində (UNEC) olub.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in rektoru, Ədalət Muradovla görüşdə hər iki universitet arasındakı mövcud əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarından danışılıb. Ə.Muradov bildirib ki, dünya universitetləri səviyyəsinə yüksəlmək niyyətində olan UNEC, Türkiyə ali məktəbləri sırasında özünəməxsus yeri olan və geniş texnopark təcrübəsinə malik ODTÜ ilə əmakdaşlıqda maraqlıdır.
T.Özpolat ODTÜ-nün otuz beş illik tarixi olan texnoparkı haqda məlumat verərək bildirib ki, burada 304 şirkət fəaliyyət göstərir. Bu gün ODTÜ-nün texnoparkının minə yaxın layihəsinin reallaşmasından söz açan qonaq, UNEC-lə əməkdaşlıqdan məmnun qaldığını bildirib.
Görüşdə birgə texnoparkın yaradılmasına dair müzakirələr aparılıb. Sonra UNEC-in Texnologiya Transfer Mərkəzinin (TTN) direktoru Aydın Hüseynov TTN haqda geniş təqdimatla çıxış edib. Qonağa UNEC-də on ay əvvəl yaradılan mərkəzin gördüyü işlərdən danışıb.
Görüşün sonunda T.Özpolat UNEC-in İnnovativ Biznes İnkubatorunu ziyarət edərək, startaplarla tanış olub, gənclərə öz tövsiyələrini verib.