İqtisad Universitetində (UNEC) yeni istiqamət üzrə kadr hazırlığına başlanılır.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyə universitetləri arasında akademik reytinqinə görə 1-ci sırada, QS reytinqinə görə dünyada 601-ci sırada olan Hacettepe Universiteti ilə əldə olunan razılığa əsasən, “Səhiyyə menecmenti” ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramı təşkil ediləcək.
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində reallaşdırılacaq proqrama əsasən, magistrlər hər iki universitetdə mübadilə formasında təhsil alacaqlar. Türkiyə Respublikası Ali Təhsil Şurası layihənin reallaşdırılmasına dəstək verəcək. Bununla bağlı Türkiyəyə səfəri çərçivəsində UNEC-in rektoru, professor Ədalət Muradovla Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç arasında razılıq əldə olunub.
UNEC-də “Səhiyyə menecmenti” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən çoxsaylı özəl tibb müəssisələrin peşəkar idarəetməsinə dəstək göstərməkdir. UNEC bu proqram vasitəsilə Azərbaycanda səhiyyə menecerlərinə olan kadr tələbatını ən qısa zamanda ödəyə biləcək.
Qeyd edək ki, Hacettepe Universiteti səhiyyə menecmenti ixtisasında peşəkar kadrların yetişdirilməsində böyük təcrübə malikdir. Ali təhsil müəsissəsinin tibb fakültəsi QS reytinqinə görə dünyada 301-ci sırada qərarlaşıb.