UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, razılaşma UNEC rektoru, professor Ədalət Muradovun Fransanın Montpellier Universitetində rəsmi səfəri çərçivəsində imzalanıb. Belə ki, sənəd hər iki universitetin tələbələrinə İqtisadiyyat, Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat və Biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə UNEC və Montpellier Universitetlərinin diplomlarını əldə etmək imkanı verəcək.
Eyni ixtisas üzrə həm Azərbaycan Dövlət İqtisad Universiteti, həm də Fransanın Montpellier Universitetinin diplomunu almağa imkan verən proqramda ilk iki tədris ilini UNEC-də təhsil almış və 120 kredit qazanmış mükəmməl ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. III kursda proqram üçün artıq seçilmiş tələbələrə iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.
Bildirək ki, birinci variantı seçən tələbələr III kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönəcək və təhsillərini IV kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.
İkinci variant olaraq yerli tələbələrə İqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılmış proqram üzrə III kurs təhsilllərini UNEC-də davam etdirmək təklif olunur. Bu zaman tələbələr bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunan tanınmış professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini alacaqlar.
Bundan başqa, hər iki variantı seçən tələbələr təhsillərinin III kursunda tələb olunan kreditləri qazandıqdan sonra sonuncu tədris ilini UNEC-də davam etdirəcəklər. Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə edən tələbələrimizə həm UNEC-in, həm də Montpellier Universitetinin diplomları təqdim olunacaq.
Bildirək ki, proqram UNEC tələbələrinə Montpellier Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir.
Proqram üçün seçilmiş tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstəriləcək. Həmçinin tələbələr üçün universitet, yerli ənənələr, ölkə mədəniyyəti və sosial həyatla tanışlıq məqsədilə inteqrasiya həftəsi təşkil ediləcək.
Qeyd edək ki, Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti ilə əlaqələrin qurulmasına Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2015-ci ilin fevralında Parisdə keçirilən “Campus France” tədbiri çərçivəsində başlanıb. Belə ki, tədbirdə ikitərəfli görüş zamanı UNEC və bu ali təhsil müəssisəsi arasında geniş miqyaslı əməkdaşlığın istiqamətləri müəyyən olunaraq universitetlər arasında razılaşmaların imzalanması qərarlaşdırılıb.
Əsası XII-ci əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə nüfuzlu qəbul edilən təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41 000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4300 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır.