Mayın 27-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin əl işlərindən ibarət “Bakı UNEC tələbələrinin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin Yaradıcılıq Mərkəzinin üzvlərinin əsərlərindən ibarət sərgidə tələbələrin Bakıya həsr etdikləri rəsmlər nümayiş olunub. Ziyarətçilər Yaradıcılıq Mərkəzinin İnstrumental ifaçılıq dərnəyinin üzvlərinin müşayəti ilə qarşılanıb. Həmçinin Radio UNEC vasitəsi ilə Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin üzvü Aslan Əzimzadənin ifasında Bakıya həsr olunan mahnılar səsləndirilib.
Sərgi turistlərin də böyük marağına səbəb olub. UNEC tələbələri turistlərə Bakının tarixi, mədəniyyəti, görməli yerləri, adət-ənənələri barədə ətraflı məlumat veriblər.
Daha sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda UNEC tələbələri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri diplom və fəxri fərmanlarla təltif edilib.
Bir həftə davam edəcək sərgiyə giriş sərbəstdir. Sonra isə paytaxtın digər məkanlarında nümayiş etdiriləcək.