Umud Mirzəyev tanınmış jurnalist və Fondun Latviya təmsilçisi Modris Auzinşin məzarını ziyarət edib. Lent.az-ın məlumatına görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Post-Sovet ölkələrində baş verən konflikt bölgələrindən, münaqişə ocaqlarından obyektiv informasiyanın dünyaya yayılması istiqamətində illərlə çalışmış, əslən Litvalı olan BAMF-ın Litva təmsilçisi, fotojurnalist Riçard Lapaytis ilə birgə BAMF-ın fəaliyyətində əvəzsiz xidmətləri olmuş, Latviyanın tanınmış ictimai xadimlərindən olan, yazıçı M.Auzinşin Riqada yerləşən məzarını ziyarət edib. Ziyarətdə yazıçı Larisa Rixtir, Beynəlxalq ictimai qeyri-hökumət təşkilatı olan Baltik Forumunun icraçı direktoru Aleksandr Vasilyev, Modris Auzinşin xanımı Larisa və oğlu Krist də iştirak edib. Ziyarət zamanı Umud Mirzəyev onun gördüyü işlərə ehtiram əlaməti olaraq Bakıdan apardığı 100 ədəd qərənfili M.Auzinşin qəbri üzərinə qoyub.
Qeyd etmək lazımdır ki, Modris Auzinşin 80-ci illərin sonlarından başlayaraq Post-Sovet məkanında baş verən konflikt bölgələrinin əksəriyyətinə çoxsaylı səfərləri olub. M.Auzinş 1997-ci ildə Sankt - Peterburqda Avropadan, Post-Sovet məkanından, Baltikyanı ölkələrindən tanınmış ekspertlərin, ictimai xadimlərin iştirak etdiyi “Milli məsələ və qaçqınların problemləri” mövzusunda keçirilən beynəlxalq konfransın əsas təşkilatçılarından biri olub. Çıxışlarında Dağlıq Qarabağ probleminin daha geniş konfliktlərə yol açmaması üçün bu münaqişənin vaxtında və ədalətli həllinə dair müxtəlif çağırışlar edib və öz çıxışlarında erməni seperatizminin təkcə Dağlıq Qarabağ üçün deyil, bütün region üçün böyük təhlükə olduğunu vurğulayıb.
O, Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin əleyhinə olmaqla, Dağlıq Qarabağın işğalı, məcburi köçkünlərin ağır yaşayış tərzi, eyni zamanda milli münaqişə ocaqlarından xalqların əziyyət çəkməsi faktlarını, sülhü və dondurulmuş münaqişələrin həllində həmrəyliyin vacibliyinin beynəlxalq arenaya çatdırılmasında ciddi işlər görüb. Modris Auzinş “Kommersant”, Yauna Aviza və eyni zamanda Baltikyanı regionda nəşr edilən çox tirajlı qəzetlərdə aparıcı yazar-jurnalistlərdən biri olub.