Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il 10 may tarixli, 03 saylı qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, buraxılış imtahanında əldə etdiyi nəticədən asılı olmayaraq buraxılış imtahanına buraxılan bütün təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılacaq.
Buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti ” 2” götürüləcək. Eyni qayda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında “2” qiymət alan təhsil alanlara tətbiq ediləcək. Digər dəyişikliyə əsasən, tədris ingilis və ya gürcü dilində aparılan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara tədris dilində 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.
Sağlamlıq imkanları məhdud təhsialanlar psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilirlər. Onların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) illik qiymətlər əsasında aparılır.