TQDK 14500 nəzarətçi-müəllim üçün seminarlara başlayıb
18 yanvar 2016 12:31 (UTC +04:00)

TQDK 14500 nəzarətçi-müəllim üçün seminarlara başlayıb

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ilin tədbirlər planına uyğun olaraq  imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 21-dən etibarən seminar-məşğələlər keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 29-dək davam edəcək bu seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulur. 14500-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

 

Bildirək ki, seminar–məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdiriləcək. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar- məşğələlər 25-30 nəfərlik qruplarla keçiriləcək. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə ediləcək.

 

Sonda seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar