Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil müəssisələrinin 7 və 8-ci siniflərində Azərbaycan və rus bölməsi üzrə Ana dili və riyaziyyat fənlərindən, 11-ci sinfində isə yalnız Azərbaycan bölməsi üzrə Ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan 7 və 8-ci siniflərdə təhsil alanlar üçün 4 və 5 aprel tarixlərində regionlarda, 7 və 8 aprel tarixlərində Bakı və Sumqayıtda, 11-ci sinifdə təhsil alanlar üçün isə 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt, 18 və 19 aprel tarixlərində regionlarda təşkil olunacaq.
Bildirək ki, monitorinq imtahanı şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş Respublikanın 42 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Gədəbəy, Xızı, Şamaxı, Mingəçevir, Goranboy, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Qax, Bərdə, Ağcabədi, Tərtər, Göyçay, Zərdab, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Masallı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) məktəblərində keçiriləcək.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.