Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Lent.az-ın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur.
Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni 27 iyuldan etibarən çap edib götürə biləcəklər.