"Respublikada əlilliyin intensivlik göstəriciləri azalmağa başlayıb. Ötən il ölkədə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalıb. Cari ilin birinci yarısında isə bu azalma müvafiq olaraq 3600 nəfər və 3 min nəfər təşkil edib". Lent.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr tarixli Fərmanının icrası ilə əlaqədar görüləcək işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Nazir son illərdə nazirlik tərəfindən aparılan islahatların mühüm bir istiqamətinin tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə müasir fəaliyyət sisteminin formalaşdırılmasına yönəldiyini vurğulayıb: “Ümumilikdə respublikada tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün də işlər görülür”.
S.Müslümov son illərdə əlillik təyinatlarının avtomatlaşdırılması işlərinə də başlandığını, yeni elektron informasiya sisteminin əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə imkan verdiyini qeyd edib. Bu sənədlə qarşıya qoyulan vəzifələrdən biri kimi ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılacaq. Fərmana əsasən, Nazirlik üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə edəcək. Həmçinin vətəndaşların müraciətləri, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatlar elektron şəkildə real vaxt rejimində TSERAS-a ötürüləcək. Digər tərəfdən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları əldə edə bilmələri üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışı təmin olunacaq”.
Sənəddə Səhiyyə Nazirliyi tərəfindən iki ay müddətində şəxslərin əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və ƏƏSMN-nin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi nəzərdə tutulur.
Bu göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə edilə bilməsi üçün Səhiyyə Nazirliyi müvafiq informasiya-proqram resurslarını “Elektron hökumət” portalına əlavə edəcək. Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına isə tapşırılır ki, həmin göndərişləri rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil etsinlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə iki ay müddətində qeyd olunan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını, müvafiq dövlət qurumlarına onlardan istifadə edə bilmək imkanının yaradılmasını, habelə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin edəcək.
Nazirin sözlərinə görə, bir il ərzində təkrar əlillik müayinələrindən keçən vətəndaşların sayının 275-280 min nəfərdən 35-40 min nəfərə qədər azalmasına, bununla da əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına nail olunacaq.