" Hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə və təhsil alan uşaqların sayı 10105 nəfərdir". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Taǧıyeva deyib. O deyib ki, həmin uşaqlar əsasən 5-17 yaş arasındadır: "Onlardan 33-ü tamamilə valideyn himayəsindən məhrumdur. Hazırda ölkədə övladlığa verilməsi nəzərdə tutulan uşaqlardan 33 nəfər Təhsil Nazirliyində qeydiyyatdadır. Həmin uşaqların 17-si sağlamdır və yaşı 10-dan yuxarıdır. 16-sı isə sağlamlıq imkanı məhdud uşaqlardır".
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda vətəndaşlar əsasən sağlam və 3-6 yaş arası uşaqları himayəyə götürmək istəyirlər: "2010-15-ci illər ərzində övladlığa verilməsi mümkün olan 52 uşaq övladlığa verilib". C. Taǧıyeva qeyd edib ki, övladlığa verilmə prosesində uşağın təhsilə, ailəyə uyğunlaşması ilə bağlı sonradan bəzi problemlər də yaşanır.