Təhsil Nazirliyinin təşkilatçılığı ilə KİV nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimlər başa çatıb.
Lent.az-ın məlumatına görə, təlimdə müxtəlif KİV-ləri təmsil edən 25 jurnalist iştirak edib.
Təlimin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib. Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkədə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində mühüm işlər görülür. Onun sözlərinə görə, təhsildə baş verən müsbət dəyişikliklər maraqla qarşılanır: “Əsas məqsəd odur ki, təhsil prosesi şəffaf olsun, məktəblər arasında münasibətlər sıx olsun. Təhsil Nazirliyinin keçirdiyi tədbirlər barədə məlumatlar, təhsillə bağlı press-relizlər mütəmadi olaraq KİV-lərdə, mediada işıqlandırılır. Təhsil daim yenilənən, təkmilləşən sistemdir. Əgər təhsil gələcəyimizdirsə, bu sahədə hazırlanan kadrların rəqabətə davamlı olması üçün mühüm işlər görülməlidir. Son illər ölkədə 3 mindən çox orta məktəb tikilib, əsaslı təmir olunub, əksər məktəblər İKT ilə təmin edilib. Bu proses davam etdirilir və hər yerdə infrastruktur yeniləndiyi kimi təhsildə də bu proseslər sürətlə inkişaf edir”.
Nazir müavini qeyd edib ki, təhsildə ən mühüm vəzifə görülən işlərin, təhsillə bağlı informasiyaların cəmiyyətə təqdim etməkdir: “Son dövrlərdə informasiyalar sürətlə inkişaf edir. İnformasiyanı vaxtında əldə etmək, düzgün şəkildə işıqlandırmaq medianın vəzifəsidir. Bu da şərəfli və mürəkkəb vəzifədir. İnanıram ki, təhsil və media təliminin keçirilməsi informasiyanın cəmiyyətə düzgün şəkildə çatdırılmasında faydalı olacaq. Təlimdə nazirliyin struktur bölmələrinin rəhbər şəxsləri iştirak edib, lazımi məlumatlar əldə ediblər. Bu təlim jurnalistlərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək”.
Qeyd edək ki, 3 gün davam edən təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim olunub. Mükafatı jurnalistlərə təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib.