Təhsil Nazirliyi vakant müəllim yerlərini gizlədən orta məktəb direktorlarına sərt xəbərdarlıq edib. Lent.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, orta məktəblərdə vakant yerlərin gizlədilməsi hazırda direktorlara heç bir şey vermir: “Çünki bu gün direktorlar müəllimləri işə qəbul edə və ya hansısa işə təyin edə bilməz. Ölkədə müəllimlərin işə qəbulu üçün ciddi reqlamentləşdirici qaydalar mövcuddur. Bu qaydalardan kənara çıxanlara qarşı ciddi intizam tədbirinin görüləcək. Getdikcə belə halların sayı azalacaq və miniuma enəcək”.
F. Qədirov deyib ki, əvvəlki illərdə məktəb direktorları tərəfindən vakant yerlərin gizlədilməsi və ya əlavə müəllimlərin işə qəbulu ilə bağlı müəyyən hallar olurdu: “Bunlara qarşı Təhsil Nazirliyi tərəfindən çox ciddi intizam tədbirləri görülüb. Əgər sonradan da hər hansı bir məktəb rəhbəri tərəfindən vakant yerin təqdim olunmaması faktı aşkar olunarsa, onun barəsində müvafiq tədbir görəcəyik”.
Şöbə müdiri deyib ki, orta məktəblərdə 10 ildən çox çalışan müəllimlərə yerdəyişmə zamanı güzəştlər tətbiq olunacaq: “Əgər müəllim 10 ildən çox məktəbdə işləyirsə və işləməkdə davam edirsə, müvafiq təlimatı sənədlərə əsasən, o, yerini başqa məktəbə dəyişə bilər. Əgər müəllim 10 il işlədikdən sonra hər hansı bir səbəbdən işdən çıxıb və hazırda işləmirsə, onlar müsabiqə vasitəsilə işə qəbul ola bilərlər. Ancaq müsabiqədə iştirak etməsələr də onlar vakansiya yarandıqda Təhsil Nazirliyinə müraciət edirlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, çox ciddi müsahibə keçirir və uyğun vakant yerlərə göndərir”.
Təhsil Nazirliyindən orta məktəb direktorlarına sərt xəbərdarlıq
2318