Ruh özünü bədəndən kənarda görə  bilər?
08 oktyabr 2026 13:13 (UTC +04:00)

Ruh özünü bədəndən kənarda görə bilər?

0

Özünü bədənindən kənarda hiss etdiyini və ətrafda baş verənləri sanki kənardan izlədiyini söyləyən insanlar qeyri-adi elmi təcrübədə iştirak ediblər. Alimlər onların bu vəziyyətdə adi görmə ilə əldə edə bilmədikləri məlumatları alıb-almadığını yoxlamağa çalışıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iştirakçıların heç biri əsas tapşırığı uğurla yerinə yetirə bilməyib. Bununla belə, iki nəfərin qonşu otaqda baş verənləri təsvir etməsi tədqiqatçıların diqqətini çəkib.

Təcrübə necə aparılıb?

Araşdırmanı Virciniya Universitetinin neyrobioloqu Marina Vaylerin komandası təşkil edib. Təcrübəyə əvvəllər bədəndənkənar hisslər yaşadığını bildirən 21 nəfər qatılıb.

Sınaq üçün üç ayrı otaqdan istifadə olunub. Birinci otaqda iştirakçı yerləşdirilib və beyninin fəaliyyəti elektroensefaloqraf vasitəsilə qeydə alınıb. İkinci otaqda tədqiqatçılar, üçüncüdə isə ekranında 100 müxtəlif əşya təsvirindən biri təsadüfi qaydada göstərilən noutbuk olub.

Noutbukun ekranı divara tərəf çevrilib, otağın qapısı isə bağlı saxlanılıb. Kompüterin hansı şəkli seçdiyini tədqiqatçılar da bilməyiblər.

Hər iştirakçıya bir saatdan saat yarımadək vaxt verilib. Bu müddətdə onlar özlərini bədənlərindən kənarda hiss etdikləri vəziyyətə keçməyə və təxminən yeddi metr uzaqlıqdakı ekranda hansı şəklin olduğunu müəyyənləşdirməyə çalışıblar.

Gizli şəkli müəyyənləşdirə bilməyiblər

İştirakçılardan 13-ü sınaq zamanı başqa otaqdakı şəkillə əlaqələndirdiyi müəyyən hisslər və ya görüntülər yaşadığını bildirib. Onlardan yalnız səkkizi bunu bədəndənkənar təcrübə kimi təsvir edib.

Digərləri isə daha çox zehnində yaranan obrazlardan danışıb. Onlar ətrafı həqiqətən bədənlərindən kənardakı bir nöqtədən gördüklərini iddia etməyiblər.

Sınaqdan sonra alimlər iştirakçıların təsvirlərini mümkün olan 100 şəkillə müqayisə ediblər. Bunun üçün süni intellektdən istifadə olunub. Sistem danışılanlarla şəkillər arasındakı oxşarlığı qiymətləndirərək onları sıralayıb.

Ekranda göstərilən həqiqi şəkillər bu sıralamada 16-cı yerdən 92-ci yerədək müxtəlif mövqelərdə qərarlaşıb. Ümumi nəticə təsadüfi təxmin səviyyəsində olub. Yəni təcrübə iştirakçıların gizli şəkli görə bildiyini göstərməyib.

İki iştirakçının dedikləri diqqət çəkib

Əsas tapşırıq uğursuz olsa da, iki nəfər bir-birindən asılı olmadan tədqiqatçıların olduğu otağı təsvir edib. Təcrübənin şərtlərinə görə, onlar həmin otaqda baş verənləri adi görmə yolu ilə izləyə bilməzdilər.

Birinci iştirakçı solda kompüter arxasında oturan tədqiqatçıdan və ondan bir qədər aralıda kitab oxuyan digər şəxsdən danışıb. Həmin seans zamanı alimlərin məhz bu şəkildə yerləşdiyi məlum olub. Üstəlik, bu, onların sınaqlar zamanı adətən oturduqları düzülüş olmayıb.

İkinci iştirakçı da iki tədqiqatçını təsvir edib. Onun sözlərinə görə, biri sağ tərəfdə qeydlər aparıb, digəri isə solda kompüter arxasında oturub. Bu təsvir də həmin andakı vəziyyətlə uyğun gəlib.

Niyə bu, elmi sübut sayılmır?

Araşdırma müəllifləri bu uyğunluqları bədəndənkənar görmənin sübutu kimi qəbul etməməyə çağırırlar. Çünki qonşu otaqda baş verənlərin təsvir edilməsi təcrübənin əvvəlcədən müəyyənləşdirilən tapşırıqlarına daxil olmayıb. Buna görə də həmin məlumatların necə əldə olunduğunu yoxlamaq üçün xüsusi nəzarət şəraiti yaradılmayıb.

Bundan başqa, iki ayrı uyğunluq etibarlı elmi nəticə çıxarmaq üçün kifayət etmir. Belə bir qabiliyyəti təsdiqləmək üçün yoxlanılacaq ehtimal əvvəlcədən müəyyənləşdirilməli, daha çox iştirakçı ilə nəzarətli sınaqlar aparılmalı və nəticənin təsadüfdən əhəmiyyətli dərəcədə fərqləndiyi göstərilməlidir.

Beləliklə, təcrübə insanların bədəndənkənar vəziyyətdə gizli şəkilləri görə bildiyini təsdiqləməyib. Tədqiqatçılar isə qonşu otaqla bağlı gözlənilməz təsvirləri gələcəkdə ayrıca araşdırmağa dəyər müşahidələr hesab ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar