Maduronun xanımı həbsxanada infarkt keçirdi
08 oktyabr 2026 15:38 (UTC +04:00)

Maduronun xanımı həbsxanada infarkt keçirdi

0

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Floresin vəkillərinə istinadən məlumat yayıb.

Vəkillərin sözlərinə görə, 69 yaşlı Flores həbsdə olduğu müddətdə təxminən 11,3 kiloqram çəki itirib. Həkimlər onun ürəyində cərrahi müdaxilə tələb edə biləcək problemlərin olduğunu bildiriblər.

Müdafiə tərəfi iddia edir ki, Flores iyul ayında yüngül infarkt keçirib. Lakin bu ehtimal hələ qəti tibbi diaqnoz kimi təsdiqlənməyib.

Vəkillər həmçinin bildiriblər ki, yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən saxlanılarkən Flores xəsarət alıb və bədənində çapıqlar qalıb.

Səhhətindəki problemləri əsas gətirən vəkillər onun həbsdən azad edilərək daimi nəzarət altında ev dustaqlığına keçirilməsini istəyirlər. ABŞ prokurorları isə bu tələbin əleyhinə çıxırlar.

Digər tərəfdən, CNN-in məlumatına görə, Nyu-York prokurorluğu Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürməyə hazırlaşır.

Söhbət Venesuelada həbsdə saxlanılan ABŞ vətəndaşlarına işgəncə verilməsi ilə bağlı iddialardan gedir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirərək Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayıb. Onlar narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasında mühakimə olunmaq üçün Nyu-Yorka aparılıblar. Hər ikisi ittihamları rədd edib.

Maduro və həyat yoldaşı hazırda ABŞ-da həbsdə saxlanılır. Onların məhkəmə prosesinin 2027-ci ilin iyununda keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar