Təhsil Nazirliyi nazirliyin loqosunun dəyişilməsinə aydınlıq gətirib. Lent.az-ın TN-nin saytına istinadən xəbərinə görə, cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil sistemində müşahidə edilən dəyişikliklər hər bir dövlət orqanının fəaliyyət prinsiplərinə yenidən baxılmasını şərtləndirir. Məhz bu baxımdan Təhsil Nazirliyinin loqosunun dəyişdirilməsi hazırda Nazirlikdə aparılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan dəyişikliklərin tərkib hissəsidir: “Təhsil Nazirliyinin ictimai şüurda formalaşmış obrazında, belə demək mümkündürsə, simasında müəyyən islahatların aparılması labüddür. Bir sözlə, nazirlik yeni və daim yenilənməkdə olan strategiyasının, amallarının Azərbaycan xalqına, cəmiyyətin bütün təbəqələrinə düzgün şəkildə çatdırılması üçün mümkün olanı edəcək. Təhsil Nazirliyinin loqosunun yenilənməsi məhz bu məfkurənin, bu yanaşmanın ilk təzahürü kimi dəyərləndirilməlidir”.
Nazirlikdən bildirilib ki, loqonun dəyişdirilməsi və ya yenisi ilə əvəz olunması hər bir qurumun öz səlahiyyəti daxilində olan məsələdir: “Təhsil Nazirliyi də öz loqosunu yarada, dəyişdirə və yenisi ilə əvəz edə bilər. Loqo hər hansı qurumu təmsil etmək məqsədi ilə istifadə edilən simvol və ya qrafiki işarədir. Yeni loqonun təməlində duran başlıca məna çalarları bunlardır: Dövlətçilik və azərbaycançılıq, elm və bilik, kitab və təhsil, müasirlik və inkişaf. Yeni simvolun yaradılması zamanı çalışırdıq ki, xalqımızın, xüsusən də gənc nəslin maarifləndirilməsinə, tərəqqisinə, insanlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsinə görə bilavasitə cavabdehlik daşıyan dövlət orqanının mahiyyəti loqoda əksini tapsın”.