Bu gün Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Mikayıl Cabbarov məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq, ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib.
Tədbirdə məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmüş III sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd edib.
Sonda təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşərək onlara başsağlığı verib.
Qeyd edək ki, Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə mərhum Ə.Hüseynovun ailəsinə ev tikilib.