Mayın 27-də təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər. Lent.az-ın məlumatına görə, prosesdə əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri Hüseyn İbrahimov iştirak ediblər. Şahlar Əsgərov qeyd edib ki, ADİU-da imtahan prosesi çox proqressiv və lideral dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirən professor, tələbələrin çox sərbəst olduqlarına diqqət çəkib: “Onlara imtahan prosesi ilə bağlı suallar verdim, sistemdən çox məmnun idilər”. “XXI əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev bildirib ki, dünyanın bir çox ölkələrində İqtisadiyyat sahəsində Ali məktəblər və Tədqiqat mərkəzləri aparıcı mövqe tuturlar: “Çünki güclü dövlət və cəmiyyət daha çox iqtisadiyyat elminin uğurlarına söykənir. Yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. ADİU-da təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir”.