Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart tarixli fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi ölkədə əhalinin sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsinə yönəlib.
Bunu Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Lent.az-a açıqlamasında deyib.
O vurğulayıb ki, bu islahat həmçinin əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi şəraitində kompleks yanaşmanın gerçəkləşdirilməsinə, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinə əsaslı təminat yaradır.
“Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq Əmr əsasında İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən Fərmanın birinci hissəsi, yəni Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla, Nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflər hazırlanır. Təkliflər Fərmanın imzalandığı tarixdən bir ay müddətində hazırlanaraq dövlət başçısına təqdim olunacaq”- deyə şöbə müdiri bildirib.
E.Babayev bildirib ki, eyni zamanda, Fondun Nazirliyin strukturuna daxil edilməsi ilə bağlı digər bir sıra cari təşkilati və texniki məsələlərin həlli yönündə işlər aparılır: “Fərmanın icrası istiqamətində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq”.