Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verimiş partlayış nəticəsində yaralananlardan biri Bakıya gətirilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. Onun sözlərinə görə, yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Şirvan Mərkəzi Şəhər Xəstəxanasında müalicə alan 7 yaralıdan 3-ü bu gün evə buraxılacaq. Daha iki yaralının da bu axşam evə buraxılması gözlənilir.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, iyulun 26-da nazirliyin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.
Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, zavodunun iki əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.