Səyyar ASAN xidmət aprelin 3-dən 22-dək Füzuli rayonunun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Xidmətdən Lent.az-a verilən məlumata görə, həmçinin, səyyar avtobuslar aprelin 5-dək Binəqədi rayonunun Binəqədi qəsəbəsində, aprelin 26-dək Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, aprelin 11-dək Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, aprelin 26-dək Salyan şəhərində, Səyyar “ASAN qatar” isə aprelin 11-dək Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.