Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez ilə görüşüb. Lent.az-ın QMİ-nin saytına istinadən məlumatına görə, görüşdə hər iki ölkə arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib.
Türkiyədə törədilmiş terror aktlarının acı nəticələrindən təəssüfləndiyini deyən Allahşükür Paşazadə əminliklə bildirib ki, qardaş türk xalqı bu sınaqdan da mərdliklə çıxacaq və Azərbaycan xalqı həmişə olduğu kimi, öz həmrəyliyini sonadək davam etdirəcək.
Azərbaycandakı dini etiqad azadlığının xalqımızın birliyi üçün əvəzsiz sərvət olduğunu qeyd edən Mehmet Görmez Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən kədərləndiyini qeyd edib. O bildirib ki, işğalçı qoşunların zəbt olunmuş torpaqlardan çıxarılmasını tələb etmək və buna nail olmaq Azərbaycanın hüquqi və mənəvi haqqıdır. Diyanət işləri başqanı deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ Azərbaycanındır və nəyin bahasında olursa-olsun geri qaytarılacaq” fikri xalqlarımızı Azərbaycanın ərazi bütövlüyü uğrunda birgə mübarizəyə daha da mətinləşdirib.
Tərəflər Azərbaycan və Türkiyə prezidentləri arasındakı dostluq və qardaşlıq münasibətinin xalqlarımızın doğmalığına, strateji məsələlərin, o cümlədən dini əlaqələrin daha da möhkəmləndirilməsinə yaratdığı xoş ovqatı məmnunluqla qeyd ediblər. Bildiriblər ki, dövlət başçılarının xalqlarımızın və ölkələrimizin ümumi maraqlarına aid məsələlərdə birgə səyləri din xadimləri tərəfindən də birmənalı olaraq dəstəklənir.
Görüşdə ölkələrimiz üçün ümumi təhlükəyə çevrilən separatizmə və terrorçuluğa qarşı mübarizəyə dəstək məsələsində dini qurumlar arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Şeyxülislamın başçılıq etdiyi nümayəndə heyətinə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete daxildir.