“Allah-təala bizə İlham Əliyev kimi şəxsiyyət göndərib”
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiyaların təmsilçilərinin iştirakı ilə toplantı keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, QMİ Elmi Şurasının sədri Vasim Məmmədəliyev prezident seçkilərinin ölkə üçün taleyüklü məsələ olduğunu söyləyib. Onun sözlərinə görə, xalq öz taleyini kimə tapşırmaq barədə düşünür və qəti qərarını verir: “Son illər Azərbaycanın əldə etdiyi nailiyyət göz önündədir. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qurtardı, ağır vəziyyətdə olan iqtisadiyyatımızı inkişaf etdirdi, “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevdən sonra bu yolu prezident İlham Əliyev davam etdirir. İlham Əliyevin prezidentliyinin iki dönəmində ölkəmiz sürətlə inkişaf etdi, büdcəmiz 22 milyard dollara çatıb. Valyuta ehtiyatlarımız 50 milyard dollardır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, Təhlükəsizlik Şurasına sədrlik edir. Bunlar böyük nailiyyətlərdir. Bəzən deyirlər ki, İlham Əliyevə vəkil lazımdırmı? Vəkilə nə ehtiyac var, gördüyü işlər göz önündədir. Qaçqınların çadır şəhərcikləri ləğv edilib. Azərbaycansız bu regionda bir məsələ də həll oluna bilməz”.
Vasim Məmmədəliyev qeyd edib ki, dindarlar da Azərbaycan vətəndaşlarıdır və onların seçmək hüququ var: “Dindarlarımız xahiş ediblər ki, onlara imkan yaradılsın, fikirlərini desinlər. Biz də hörmətli dindarlarımızın sözlərinə qulaq asmağa qərar vermişik. Dindarlar kimi və nə üçün prezident görmək istədiklərini, kimin prezident seçilməsini məsləhət gördüklərini söyləmək istəyirlər. Xristianlıqda, yəhudilikdə və islamda ağsaqqal sözünə həmişə xüsusi diqqət ayrılır. Bu gün də belə gözəl məram üçün bura yığışmışıq”.
QMİ sədri Şeyx Hacı Allahşükür Paşazadə bildirib ki, məramları düzgündür: “Biz haqqa, ədalətə çağıranların tərəfdarıyıq. Sovetlər dövründə Nardaranda piri təmirlə bağlı nələr baş verirdi? Hazırda Azərbaycan çiçəklənən bir ölkəyə çevrilib, gələcəkdə ən gözəl Avropa ölkələrindən birinə çevrilə bilər. Bir zaman Heydər Əliyev deyirdi ki, 10-15 günlük buğda qalıb, haradan gətirək? Mən də dindar kimi tövsiyə verərdim. Camaatı aclıqdan qurtarmaq barədə fikirləşirdik. Azərbaycan borc alan dövlətdən indi borc verən dövlətə çevrilib. İndi oturduğumuz Təzə Pir məscidi əsaslı təmir olunub, Şamaxıda qədim məscid yenidən bərpa edilib. Ölkədə bir çox işlər görülüb. Bu, inkişafa bağlıdır. İnkişafın bünövrəsini Heydər Əliyev qoyub, İlham Əliyev davam etdirir. Allah-təalanın sayəsində böyük uğurlara imza atıldı. Dövlətin dinə olan hörməti göz önündədir, biz həqiqəti görürük. Dünən də İlham Əliyevin Qubada kütləvi məzarlığa getməsi, çıxışı mənə çox təsir etdi. Bir dindar kimi fəxr edirəm ki, mənim belə prezidentim var. 35 ildir ki, mən bu işlərin içindəyəm. Vəd edirdilər ki, məscidlər tikəcəklər və başqa işlər görəcəklər. Ancaq prezident İlham Əliyev vədlərinə sadiq qalıb”.
Hacı Allahşükür Paşazadə qeyd edib ki, torpaqlarımızın 20 faizini işğal edən ermənilər bu əməli etməsəydilər, bu gün Azərbaycanla bərabər inkişaf edərdilər: “Ermənistana konfransa getmişdim. Heç bir inkişaf yoxdur, köhnə binalar, sovet maşınları… Bəziləri deyirlər ki, erməniləri bura qoymaq olmaz. Ancaq mən deyirəm ki, gəlsinlər, inkişafı görsünlər. Bəzi ailələrin ehtiyacı olur, mənim də yanıma gəlirlər. Bu ailələrin böyük əksəriyyəti Mehriban Əliyevaya üz tutur, çünki bilirlər ki, mərhəmətlidir. Heydər Əliyevdə din də, dövlət sevgisi də vardı. Bu gün də elədir. İnşallah, bütün bunların sayəsində Allah bizə axirəti də verəcək. Allah-təala bizə İlham Əliyev kimi şəxsiyyəti göndərib. Xalqımız da İlham Əliyevə səs verəcək”.