Səudiyyə Ərəbistanının Suriya ərazisində quru əməliyyatlarına başlamaq niyyəti iki baxımdan önəm daşıyır. Birincisi, bu, Rusiyadan sonra ikinci bir ölkənin Suriya ərazisində hərbi iştirakı deməkdir. İkincisi, belə bir qərar neftin bahalaşmasına olan ümidlərə su səpmiş olacaq. Mart ayında OPEK-in növbədənkənar toplantısının keçirilməsi nəzərdə tutulur. Toplantının tarixinin üç aya önə çəkilməsi neft hasilatına dair kvotanı aşağı salmaq, bununla da qiymətlərin artmasına nail olmaq məqsədi daşıyır. Amma buna qədər OPEK başqa bir problemi həll etməli, kartelə üzv olmayan ölkələrin, ilk növbədə isə Rusiyanın hasilatı aşağı salacağına dair razılığını almalıdır. OPEK-Rusiya formatında danışıqların keçiriləcəyi ehtimalının özü belə neftin qiymətlərinin artmasına səbəb olmuşdu. İndi isə Səudiyyənin Suriya ərazisində quru əməliyyatlara başlamaq niyyəti nəinki hasilatı aşağı salmaq barədə qərarın qəbulunu, ümumiyyətlə OPEK-Rusiya formatında görüşün keçirilməsi ehtimalının üzərindən xətt çəkir. Səudiyyənin bu qərarı hələlik neftin ucuzlaşmasının tərəfdarı olan ölkələri sevindirə bilər...
Vüqar MƏSİMOĞLU