GÜNÜN ŞƏRHİ
Ermənilərin qondarma "soyqırımı" şousunun ömrü cəmi bir gün çəkdi. Roma Papası I Fransiskin məlum bəyanatından sonra Avropanın bəzi ölkələri 1915-ci ildə Osmanlı zamanında baş verənləri "soyqırım" adlandırdılar. Ermənilər sevindi, fərz etdilər ki, Türkiyəni soyqırımı törədən bir ölkə kimi dünyaya tanıtdırdıqdan sonra sıra Azərbaycanın işğal etdikləri torpaqlarına çatacaq. Bəli, bu ermənilərin planı idi. Bir neçə Avropa ölkəsinin qərarını özünə qarşı haqsızlıq kimi qarşılayan Türkiyə həmin ölkələrin qarşısına fakt qoydu. 100 il əvvəlki hadisələri qurdalamaqdansa, 20-25 il bundan əvvəl ermənilərin Azərbaycanda törətdikləri hadisələri...
Bu amili Ankaranın əlindəki təsiredici silah kimi də dəyərləndirənlər də ola bilər. Amma ermənilərin Azərbaycana qarşı təcavüzü, torpaqların işğalı, Xocalı, Qaradağlı, Kəlbəcər, Ağdaban faciələri doğrudan da faktdır və bu, Azərbaycan dövləti tərəfindən dəfələrlə dünyanın ən yüksək tribunalarından səsləndirilib və beynəlxalq aləm də bunu yaxşı bilir. 24 aprel ərəfəsində üç-beş ölkənin "soyqırımı" sözünü işlətməsinə dini və yaxud Türkiyəyə qarşı bir günlük tarixi qisas prizmasından baxa bilərik. Dediyim kimi, bir günlük... Üstündən cəmi bir həftə keçməmiş isə həmin Avropa Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"ni tanımayacağını bildirir və bu prosesi legitim saymayacağını bəyan edir. Yəni köhnə qitə, köhnə yoluna qayıdır. Yəni köhnə dünya ermənilərə deyir ki, siz ildə yalnız bircə gün sevinə bilərsiniz... Öz matəminizə...