GÜNÜN ŞƏRHİ
Dünyada ağır neft həftəsi başlayır. Həftə ərzində ABŞ-ın neft ehtiyatlarının həcminə dair iki hesabat açıqlanacaq, əksər ekspertlər ehtiyatların həcminin artdığını düşünürlər. Əgər hesabatlar bu təxminləri doğruldarsa, neftin daha da ucuzlaşması qaçılmaz olacaq. Digər tərəfdən Çində iqtisadi artım tempinin zəifləməsi də neftin qiymətlərinə ciddi təsir göstərir. Ölkənin əsas iqtisadi indekslərinin aşağı düşməsi bazarda dünyanın ikinci ən böyük neft idxalatçısı olan Çinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi dəyərləndirilir. Və bu amil də nefti ucuzlaşdırır. “Qara qızıl”ın həftəyə ucuzlaşmaqla başlamasının digər səbəbi İranla bağlı spekulyativ xəbərlərdir. Treyderlər İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin kəskin xarakter almasını OPEK-in gələcəyi üçün təhlükə kimi dəyərləndirirlər. Hətta İranın yaxın günlərdə OPEk-i tərk edəcəyi barədə xəbərlər də dolaşır ki, bu xəbərlərin də son zərbəsi neftin qiymətlərinə dəyir. Neftin ucuzlaşmasına təsir göstərən amillər bununla yekunlaşmır, belə görünür ki, bu həftə qara qızıl üçün ağır il olacaq, neftin qiyməti yeni antirekordlar müəyyənləşdirəcək, tarixi minimumları yeniləyəcək.
Vüqar MƏSİMOĞLU