“Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planına uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub. Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün sərəncama əsasən müvafiq qaydada dəyişdiriləcək. “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “20 Yanvar” stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.