Bu gün Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Şəmkirdə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.
DSMF-nın ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarından olan sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırııb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” qanun əsasında pensiya təminatına başlanılıb.
Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.
Qeyd edək ki, 1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13863 nəfər təşkil edir. Onların 60,89 faizi yaşa görə, 26,42 faizi əlilliyə görə, 12,69 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,7 faizi kişilər, 30,3 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.