Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “SOS” Uşaq Kəndinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyeva dövlətin aztəminatlı ailələrə və kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb. Xüsusilə vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasət öz nəticələrini verməkdədir.
Həmçinin natiq bu siyasətin Şəmkir rayonunda uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Gəncə “SOS” Uşaq Kəndinin direktoru Nəsimi Ələkbərli burada yaradılmış mövcud şəraitlə toplantı iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Gəncə “SOS” Uşaq Kəndində 28 qız, 29 oğlan olmaqla, ümumi 57 uşaq yaşayır. Uşaqların tərbiyəsi ilə 12 ana tərbiyəçi, 6 xala tərbiyəçi məşğul olur.
Tədbirin sonunda Gəncə “SOS” Uşaq kəndinin fəaliyyəti haqqında hazırlanmış videorolik tədbir iştirakçılarına təqdim edilib.