Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qırxılı kəndində Dağlıq Qarabağın işğal olunan torpaqlarının azad edilməsində şəhid olan Azərbaycan hərbçilərinə həsr olunan anım tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Fatimeyi Zəhra məscidində təşkil olunan tədbirdə şəhidlərin ruhuna dualar oxunub, rəhmət dilənib, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Qırxılı kənd orta məktəbinin müəllimi Kamil Vəliyev Dağlıq Qarabağda baş verən son hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, münaqişə bölgəsində Borçalı oğullarının da torpaq uğrunda döyüşlərdə qurban getdiyi vurğulanıb. Tədbirdə uzun illər davam edən münaqişənin hələ də həll olunmadığı, BMT-nin 4 qətnaməsinin, Avropa Şurasının qəbul etdiyi qərar və qətnamələrin kağız üzərində qaldığı, həmçinin Mins Qrupunun münaqişə ilə həyata keçirdiyi məzmunsuz və yarıtmaz işinin illərlə davam etdiyi vurğulanıb.
Çıxış edənlər Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və münaqişənin sülh yolu ilə həll olunmasını arzulayıblar. Tədbirdə qeyd olunub ki, erməni terrorizmi hələ də davam edir və atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycanın dinc sakinləri gülləbaran edilir və bir çox kəndlərə iriçaplı silahlardan atəş açılır.
Anım tədbirində çıxışçılar Gürcüstanda yaşayan bütün soydaşlarımız adından Azərbaycanı həmişə dəstəkləyəcəklərini, lazım gələrsə, işğal olunan torpaqların azad olunmasında fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.
Anım tədbirində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu son günlər vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərini oxuyub.
Sonda şəhidlərə ehsan verilib, dualar oxunub.