Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə rayon rəhbərliyi ilə yanaşı Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, həmçinin Fondun və Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, rəhbərlik etdiyi qurum həmişə jurnalistlərlə sıx əlaqədə olub. Mütəmadi olaraq mətbuatla görüşlər keçirilir. Ötən il KİVDF ilə birgə jurnalistlər arasında yazı müsabiqəsi elan edilib. Azərbaycanda medianın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayan icra başçısı prezidentin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş, bir neçə gündən sonra istifadəyə veriləcək yaşayış binasının da Səbail rayonunda yerləşməsini əlamətdar hal kimi qeyd edib: «Bu onu göstərir ki, biz bundan sonra da jurnalistlərlə daim ünsiyyətdə olacağıq».
Daha sonra A. Əsgərov Səbail rayonunda həyata keçirilən tədbirlərdən danışıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə Səbail rayon İcra Hakimiyyətinin mətbuata, jurnalistlərə ən açıq İcra Hakimiyyəti olduğunu deyib. Fond rəhbəri KİVDF-nin yaradılması və fəaliyyəti, ölkədə mətbuata göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Xalq Qəzeti»nin baş redaktoru Həsən Həsənov çıxış ediblər.
Tədbirin sonunda Səbail rayon İcra Hakimiyyəti tərəfindən jurnalistlərə qiymətli hədiyyələr təqdim olunub.