«Son zəng» tədbirləri ənənəvi olaraq Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə qeyd olunub. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, mərkəzdəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusilə maraqlı olub. Bu il 150 yaşı tamam olan, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 77 sinifdə 2300 şagird təhsil alır. Bu il məktəbi 105 məzun bitirir ki, onlardan 5 nəfəri «Qızıl medal»a namizəddir. Son 2 il ərzində isə məktəbin məzunlarından 5 nəfər «Qızıl» və 1 nəfər «Gümüş» medala layiq görülüb.
«Son zəng» tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 132-134 saylı Təhsil Kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışı zamanı ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib və bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb.
Səbail rayonunun qocaman və tanınmış məktəblərindən olan, 190 saylı məktəb bu il özünün 66-cı buraxılışını keçirir. Məktəbdə hazırda 1105 şagird təhsil alır, burada 115 pedaqoji və 22 texniki işçi çalışır. Bu il 4 sinifdə 88 şagird təhsili başa vurur və onların 2-si «Qızıl medala» namizəddir. Bu əlamətdar tədbirə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzulayıb, məktəbi əla qiymətlərlə bitirib, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri Fərmanlar və hədiyyələr təqdim edib, məzunların böyük əksəriyyətinin məktəbi əla və yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğulayıb.
Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb. Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak ediblər.