Şahin Nağıyev: “Bütün iaşə obyektlərində istehlakçıya Azərbaycan dilində menyu verilməlidir”
04 iyun 2015 19:26 (UTC +04:00)

Şahin Nağıyev: “Bütün iaşə obyektlərində istehlakçıya Azərbaycan dilində menyu verilməlidir”

“Ticarət obyektlərində satılan məhsulun üstündə qiymətin olmaması inzibati xəta hesab olunur və buna görə müvafiq cəza nəzərdə tutulur. Bütün ictimai iaşə obyektlərində istehlakçıya Azərbaycan dilində tərtib olunmuş menyu verilməlidir. Müştəri çay dəsgahı deyilən dəstdən istədiyi məhsulu seçib ala və ya imtina edə bilər. Dəsgahdakı məhsulların qiyməti menyuda ümumi şəkildə yox, ayrı-ayrı göstərilməlidir”. 

 

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, İqtisadiyyat və Sənaye

Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin şöbə müdiri  Şahin Nağıyev deyib.

 

Şahin Nağıyev Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq monitorinqlər keçirildiyini deyib: “Son ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində istehlakçı hüquqlarının pozulması ilə bağlı tədbirlər daha da intensivləşdirilmiş, nəzarət artırılmışdır”.

 

Qonaq istehlakçıların hüquqlarının pozulması hesab olunan hallar barədə məlumat verib: “İstehlakçı keyfiyyətli və təhlükəsiz məhsul almaq, aldığı məhsul haqqında dəqiq və dolğun məlumat əldə etmək, istədiyi və ona lazım olan malı almaq və s. hüquqlara malikdir. İstənilən xidmətlərin göstərilməsi zamanı həmin xidmətin və malın dəyəri barədə istehlakçıya əvvəlcədən dəqiq məlumat verilməlidir. Ticarət obyektlərində satılan malların üzərində qiymət kağızı olmalıdır. Bu kağızlarda malın adı, dəyəri və vahidi göstərilməlidir. İctimai iaşə obyektlərində göstərilən xidmətlərin dəyəri barədə istehlakçıya məlumat vermək üçün müxtəlif menyular olmalıdır. Menyuda xörəklərin adı, miqdarı, tərkibi, qiyməti, çəkisi və spirtli içkilər, qəlyanaltıların  mütləq qaydada adı və dəyəri barədə məlumat verilməlidir. Xidmətin qiyməti göstərilməlidir ki, istehlakçı öncədən hansı xidmətdən istifadə edəcəyini və dəyəri haqqında olan məlumatı əldə edə bilsin. Əgər belə menyular tərtib edilməsə və ticarət obyektlərində qiymət kağızlarının vurulmaması inzibati xəta hesab olunur və buna görə də inzibatı xətalar məcəlləsində müvafiq məsuliyyət tədbiri nəzərdə tutulur. Bu cür hallara yol verən təsərrüfat obyektlərinə cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur”.

 

Nazirlik rəsmisi menyuların Azərbaycan dilində tərtib olunmasının mütləq qayda olduğunu deyib: “Menyu Azərbaycan dilində tərtib edilməlidir, sahibkar Azərbaycan dili ilə yanaşı, onu digər dillərdə də verə bilər, bu, artıq sahibkarın öz seçimidir. Sahibkar xarici vətəndaşların cəlb edilməsi, onlara öz xidməti barədə daha dəqiq məlumat verilməsi üçün Azərbaycan dili ilə yanaşı digər dillərdən də istifadə edə bilər. Ancaq mütləq qaydada məhsulun və xidmətin dəyəri manatla göstərilməlidir”.

 

Şahin Nağıyev müştərilərin də öz hüquqlarını bilməsinin vacibliyindən danışıb: “İstənilən istehlakçı hər hansı bir obyektə girdikdə istifadə etdiyi xidmətlərlə bağlı menyudakı qiymətlərə baxmalıdır. İstehlakçının ona lazım olan malı, işi və xidməti seçmək hüququ var. Ancaq istehlakçı ona lazım olan, menyuda göstərilən malı seçib almaq istəyəndə imtina edilərsə, bu birbaşa qanun pozuntusudur, buna görə məsuliyyət nəzərdə tutulub. İcraçı tərəfindən süni şəkildə yaradılmış dəstdən də istehlakçının ona lazım olan malı seçib götürmək hüququ var. Çay dəsgahındakı malların qiyməti də menyuda göstərilməlidir. İstehlakçı seçimində sərbəstdir, istədiyi malı ala bilər. Menyudan artıq qiymətlə satış istehlakçının aldadılmasıdır. Bu zaman menyudakı qiymətlə ödənilən məbləğ arasında 40 manatdan artıq fərq, yəni aldatma olarsa, artıq bununla bağlı  cinayət məcəlləsində  məsuliyyət nəzərdə tutulur. İstehlakçıya kassa çeki ilə yanaşı hesab kağızı da verilməlidir. Hesab kağızında istifadə olunan malların adı və qiyməti ayrılıqda göstərilməlidir ki, istehlakçı ödədiyi qiymətin menyuya uyğun olduğunu bilsin”.

 

İctimai iaşə obyektlərindən istifadə zamanı ilk növbədə menyunun tələb olunmasını məsləhət görən Şahin Nağıyev qayda pozuntuları aşkar olunduqda istehlakçının hara müraciət etməsi barədə də məlumat verib: “İstehlakçı menyu ilə tanış olduqdan sonra ona lazım olan malı sifariş etməli və ödəniş etdikdən sonra da həmin ödənişin menyuya uyğunluğuna diqqət yetirməlidir.  Bu qaydaların pozulması halları ilə rastlaşan istehlakçılar bununla bağlı  ASİHM DX-nə müraciət edə bilərlər, bunun üçün bizim 498-15-01 və 498-14-04 nömrəli “Qaynar xətt”imiz daim açıqdır. Eyni zamanda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 nömrəli telefon mərkəzinə də müraciət edə bilərlər”.

 

Nazirlik rəsmisi istehlakçılarla yanaşı, sahibkarların da hüquqlarının müvafiq qaydada qorunduğunu deyib: “Sahibkarlar arasında haqsız rəqabət aparıla bilər, hər hansı sahibkarın təsərrüfat subyektindən qanunsuz şəkildə istifadə edilə bilər. Yaxud da sahibkarın işgüzar nüfuzu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar açıqlana bilər. Haqsız rəqabətin özü isə sahibkarlar arasında qanuna zidd davranışların nəticəsində baş verir. Bu da artıq qanun pozuntusudur. Haqsız rəqabətin qarşısının alınması, istehlakçıların hüquqlarının qorunması ilə yanaşı digər bazar subyektində hüququ qorunur, pozulmuş hüquqları bərpa olunur”.

 

Şahin Nağıyev müxtəlif obyektlərdə qiymət fərqinin yaranmasının bazar iqtisadiyyatı qaydalarına uyğun olduğunu deyib: “Bazar iqtisadiyyatı şəraitində qiymətlər iki cür formalaşır, dövlət tərəfindən tənzimlənən qiymətlər, bir də sərbəst qiymətlər. Dövlət tərəfindən tənzimlənən qiymətlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən tənzimlənən mallar siyahısı müəyyən edilmişdir. Həmin iş və xidmətlərin dəyəri müvafiq qaydada dövlət tərəfindən tənzimlənir, yəni qiymətlər müəyyən edilir. Dövlət tərəfindən tənzimlənməyən qiymətlər isə tələb və təklif əsasında formalaşır. Bunun özü rəqabət prinsipləridir. Məhz istehlakçının da öz hüququdur ki, hər bir malı ona ən çox sərf edən qiymətlə sərbəst şəkildə ala bilsin. Müxtəlif yerlərdə malın müxtəlif qiymətlərdə olması rəqabəti şərtləndirir. Hər bir sahibkarlıq obyektində qiymətlərin formalaşmasına bu sahibkarlıq subyektinin iş və xidmətlərə görə çəkdiyi xərclər, iş əmək haqqı fondu, enerji, nəqliyyat xərcləri, maya dəyərinə verilən xərclər təsir edir. Rentabellik də nəzərə alındıqdan sonra sahibkar malın satış qiymətini müəyyən edir”.

 

Şahin Nağıyev məhsul satışı üçün müxtəlif reklam üsullarından istifadənin qanuna zidd olmadığını deyib: “İstənilən sahibkarlıq subyekti öz təsərrüfat fəaliyyəti barədə istehlakçılara məlumatı çatdırmaq üçün sərbəst şəkildə reklamlardan istifadə edir. Təbii ki, bu zaman qanunvericiliyin tələblərinə əməl etməlidir. Əgər xidmət və ya malın dəyəri reklamda verilən qaydada deyilsə, artıq bu, pozuntudur, istehlakçıların çaşdırılması deməkdir. İstənilən reklamda göstərilən iş və ya xidmətlər barədə məlumatlar tam dəqiq olmalıdır və həmin reklama uyğun olaraq da təqdim edilməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Oxşar yazılar