Sabunçu Telefon Qovşağının bir qrup xanım işçisi adlarını qeyd etmədən idarə rəisi Nəriman Süleyman oğlu Salmanovla bağlı şikayət edib.
İşçilərin Lent.az-a ünvanladığı şikayətə əsasən, 2010-cu ildən Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində işləyən Nəriman Salmanovun gün ərzində fəaliyyəti ancaq iş otağında internet oyunları oynamaqdan və günün sonunda işçilərin əhalidən yığdıqları qanunsuz “planı” gözləməkdən ibarətdir. Şikayətdə qeyd edilir ki, N. Salmanov qovşağın bütün işçilərini sənədləşmələrə görə (yeni çəkiliş, addan-ada keçirilmə və s.) abunəçilərdən dövlət rüsumundan əlavə haqq da tələb etməyə məcbur edir.
“Qovşaqda hər kəsə plan qoyulub. Abunəçilərdən gün ərzində alınmış əlavə pullar şöbə rəisləri və ATS mühəndislərində toplanaraq, günün sonunda Nəriman Salmanovla bölüşdürülür. Hər gün iclas keçirilir. Planı yerinə yetirməyən şəxslər rəis tərəfindən cəzalandırılır və ya işdən qovulmaqla hədələnirlər".
Şikayətçilərin dediyinə görə, məhz elə bu və ya digər hərəkətlərinə görə N.Salmanovu vaxtilə çalışdığı Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən uzaqlaşdırıblar.
İddialarla bağlı qarşı tərəf olan Nəriman Salmanovun da fikrini öyrəndik. İddiaları təkzib edən N.Salmanov bu məsələnin sonuna çıxacağını, işi məhkəmə səviyyəsinə kimi qaldıracağını deyir: “30 ilə yaxındır rabitə stajım var, nəşə nədir, küçə söhbətləri nədir?! Hər kəs bilir ki, Nəriman kimdir! Abunəçilərdən dövlət rüsumundan əlavə pul alınması isə yanlış iddiadır. Rabitə haqqında qanunlara uyğun konkret olaraq tarif nədirsə, o dövlət rüsumu da ödənilir”.
Nəriman Salmanov qeyd edib ki, bütün bunlar ona qarşı aparılan qərəzli kampaniyadır: "KİV-lərə mənimlə bağlı anonim iddialar göndərirlər. Bu iddiaları yazanlar, yalan deyənlər öz adlarını, imzaları gizlədirlər".