Sabirabad rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak edib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov ötən ilin aprel ayında təmas xəttində düşmən təxribatının qarşısının alınması zamanı ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında aprel döyüşlərində ordumuzun düşməni ağır məğlubiyyətə uğratmasından danışaraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu qələbəsi ilə işğal altında olan torpaqlarımızı azad etmək əzmində olduğunu dünyaya nümayiş etdirdi.
Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ordumuzun müasir hərbi texnika və silah-sursatla təmin edilməsinin aprel qələbəsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli qeyd edib ki, aprel qələbəsi ordu quruculuğu prosesinin uğurla həyata keçirildiyinin sübutudur.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Sabirabad rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.