Aprelin 1-dən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən fevralın 9-da 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqənin ilk mərhələsi olan test imtahanı mərhələsi başlayır.
Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 2687 nəfər qeydiyyatdan keçib. Onlardan 2477 nəfəri Dövlət Statistika Komitəsinin mərkəzi aparatında olan 75 vakant vəzifə üzrə qeydə alınıb.
Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində baş məsləhətçi vəzifəsi (48 namizəd) olub.
Namizədlər test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Test imtahanı” sistemi ilə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.
Nəzərinizə çatdıraq ki, namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilib.
Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.