Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 4-ə gözlənilən hava şəraitini açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.