AMEA-nın illik Ümumi yığıncağında Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov daha bir mükafat alıb. Lent.az-ın AMEA-ın saytına istinadən məlumatına görə, J. Alfyorov “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunub.
Qeyd edək ki, J. Alfyorov əmək fəaliyyətinə 1953-cü ildə SSRİ Elmlər Akademiyasının Fiziki-Texnika İnstitutunda mühəndis kimi işə başlayıb. Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssis olan alim 1972-ci ildən Ümumi Fizika və Astronomiya Bölməsi üzrə müxbir üzv, 1979-cu ildən Ümumi Fizika və Astronomiya Bölməsi üzrə akademik seçilib.
Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin mükafatı və SSRİ Dövlət mükafatına layiq görülmüş J. Alfyorov 2004-cü ildən AMEA-nın fəxri üzvüdür.