Bu gündən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə sənəd verən abituriyentlərin test imtahanında iştirakı üçün buraxılış vərəqəsinin verilməsinə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlərin test imtahanına buraxılış vərəqəsinin çap edilməsi üçün sistemə giriş səhifəsidir. Həmin abituriyentlər iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə isə iyunun 17-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
Qeyd edək ki, bu il Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış 49 yerə 24 nəfər sənəd verib.