Dünən 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə Bakı və Naxçıvan şəhərlərində keçirilmiş rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan nəticələri ilə Komissiyanın rəsmi saytından və mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə tanış olmaq olar.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1001 namizəddən 52 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 949 namizəddən 589 nəfəri müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Ən yüksək nəticə 88 bal olub.
Rezidenturaya ixtisaslaşma seçimi iyulun 10-dan 14-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.