Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.
Bildirək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə) 29 iyulda keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində 40 və daha çox bal toplayan namizədlər buraxılacaqlar.
Bakı şəhərində 1195, Naxçıvan şəhərində isə 44 namizədin imtahan verməsi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 19 imtahan rəhbəri, 136 zal nəzarətçisi ayrılıb.
Qeyd edək ki, elektron ərizə doldurub təsdiq edən namizədlərdən 58 nəfəri Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunlarıdır.