Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 27500-dən çox şagirdin iştirak etdiyi bu bilik yarışında məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilib. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.